Dövlət hakimiyyəti

Arsax Respublikası suveren, demokratik, hüquqi, sosial dövlətdir. Arsax Respublikasında hakimiyyətin yeganə mənbəyi xalqdır. Respublikada dövlət hakimiyyəti sistemi hakimiyyətlərin (qanunvericilik, icra, məhkəmə hakimiyyətləri) bölünməsi və balans olunması, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinin bölünməsi prinsipləri əsasında təşkil edilir.

Dövlətin başçısı Arsax Respublikasının prezidentidir. Prezidentlik müddəti beş il təşkil edir. Eyni şəxs iki müddətdən artıq fasiləsiz olaraq prezident seçilə bilməz.

Arsax Respublikasının prezidenti konstitusiyanın qorunmasına nəzarət edir, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri orqanlarının normal fəaliyyətini təmin edir.

Prezident Arsax Respublikasının suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və təhlükəsizliyini təmin edir.

Prezident beynəlxalq münasibətlərdə Arsax Respublikasını təmsil edir, xarici siyasətin ümumi idarəsini həyata keçirir.

Prezident Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. O, müdafiə sahəsində dövlət orqanlarının fəaliyyətini uyğunlaşdırır, həmçinin silahlı qüvvələr və başqa qoşunların ali komandir heyətini vəzifəyə təyin edir və vəzifədən azad edir.

Prezident Təhlükəsizlik Şurasını yaradır və başçılıq edir.

Dövlət başçısı vətəndaşlıq və siyasi sığınacaq verilməsi məsələlərini həll edir. O, Arsax Respublikasının orden və medalları ilə təltif edir, ali hərbi və fəxri rütbələr, ali diplomatik və başqa vəzifəli dərəcələr verir.

Prezident məhkumların əfvi məsələsini həll edir.

Arsax Respublikasında qanunvericilik hakimiyyətini Arsax Respublikası Parlamenti həyata keçirir. Arsax Respublikası Parlamenti çağırışının səlahiyyət müddəti 5 ildir.

Parlament ən azı 27 və ən çoxu 33 deputatdan ibarətdir. Parlament proporsional seçki sistemi əsasında seçilir. Parlamentin növbəti seçkiləri prezident seçkiləri ilə eyni vaxtda keçirilir.

Arsax Respublikası Parlamenti hər il iki növbəti sessiyaya yığılır. Parlamentin sədri Arsax Respublikası prezidentinin və ya Arsax Respublikası Parlamentinin deputatlarının 5 ümumi sayının ən azı dörddə bir əksəriyyətinin təklifi əsasında Arsax Respublikası Parlamentinin növbədənkənar sessiya və iclaslarını çağırır.

Arsax Respublikası Höküməti prezidentin səlahiyyətlərinin yerinə yetirilməsinə yardım göstərən icra hakimiyyətinin kollegial orqanıdır. Hökümət prezidentin proqramına əsasən və onun başçılığında dövlətin daxili və xarici siyasətini planlaşdırır və həyata keçirir.

Hökümət dövlət naziri və nazirlərdən ibarətdir. Hökümət prezident tərəfindən təşkil olunur. Hökümətin təşkil olunmasından sonra 24 gün müddətində prezident öz proqramını dərc edir.

Arsax Respublikası Prezidenti hökümətin iclaslarını çağırır və keçirir. Hökümətin qərarları prezident tərəfindən təsdiq edilir.

 Arsax Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə, konstitusiya və qanunlara uyğun olaraq yalnız məhkəmələr həyata keçirirlər. Respublikada fövqəladə məhkəmələrin yaradılması qadağandır.

Hakimlər işlərə konstitusiya və qanunlara müvafiq baxırlar. Arsaxda hakimlər və məhkəmələr müstəqildirlər. Arsaxda hakimlər dəyişilməzdir və 65 yaşa qədər vəzifə tuturlar. Hakimlərin səlahiyyətlərinə yalnız konstitusiya və qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara əsasən xitam verilə bilər.

Arsax Respublikasında məhkəmə sistemi

• Ali Məhkəmə,

• Apellyasiya Məhkəməsi,

• birinci instansiya məhkəməsindən ibarətdir.

Ali Məhkəmə Arsax Respublikasının ən yüksək məhkəmə instansiyasıdır. Ali Məhkəmə konstitusiya ədalət mühakiməsi orqandır. O, konstitusiyanın aliliyini təmin edir.